BAKI, 20 iyun. TELEQRAF

Hakim Xuan Karlos Peynado İspaniya Baş naziri Pedro Sançesin həyat yoldaşı Beqonya Qomes barəsində məhkəmə araşdırmasına başlanılması barədə qərar qəbul edib.

Teleqraf xəbər verir ki, baş nazirin həyat yoldaşı dövlət vəsaitlərinin mənimsənilməsi, nüfuzdan sui-istifadə, əmtəə nişanının qanunsuz mənimsənilməsi və biznes sahəsində korrupsiyada şübhəli bilinir.

Hakim tədbir olaraq digər qərarlarla yanaşı, Qomesin pasportunun müsadirə edilməsinə və onun ölkə ərazisini tərk etməsinin qadağan olunmasına qərar verib.

“Europa Press”in məlumatına görə, hakim tərəfindən aparılan araşdırma bir neçə istiqaməti əhatə edib. Onlardan biri Qomesin iş adamı Xuan Karlos Barrabesin maraqları naminə öz əlaqələrindən istifadə etməsi ilə bağlı iddialara, digəri isə onun Madrid Komplutense Universitetindəki fəaliyyəti ilə əlaqədardır.

Peynado həmin ali təhsil müəssisəsinin kafedrasına məxsus proqram təminatının qanunsuz mənimsənilməsi və Kristina Alvaresin Qomesə müşavir təyin olunması ilə bağlı iddiaları da araşdırıb.

Prokurorluq işin bağlanmasını tələb edib və məhkəmə araşdırmasının başlanılması barədə qərar qəbul ediləcəyi təqdirdə şübhəli şəxslər üçün bəraət hökmünün çıxarılmasına çalışacağını bildirib.

Öz növbəsində, Qomesə qarşı iddia qaldıran sağçı “Hazte Oir” assosiasiyası onun 24 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.