BAKI, 20 iyun. TELEQRAF

“Fənərbağça”nın yeni prezidenti Aziz Yıldırımın ilk transferi Vedat Muriqi tarixə düşüb.

İstanbul təmsilçisi La Liqanı tərk edən “Malyorka”dan kosovolu hücumçunu heyətinə qatıb. Tərəflər arasında 3 illik müqavilə imzalanıb.

Teleqraf “Transfermarkt”a istinadla xəbər verir ki, “Fənərbağça” Muriqinin keçidi üçün “Malyorka”ya 15,5 milyon avro ödəyəcək.

Bu məbləğ 32 yaşdan yuxarı futbolçular üçün ödənilən ən yüksək transfer haqları siyahısında 4-cü göstəricidir.

Siyahıda yalnız Kriştianu Ronaldu, Robert Levandovski və Ronaldunun “Mançester Yunayted”ə keçidi Muriqidən öndədir.

32 yaşdan yuxarı futbolçular üçün ödənilən ən bahalı transfer haqları:

Kriştianu Ronaldu – “Real”dan “Yuventus”a, 117 milyon avro
Robert Levandovski – “Bavariya”dan “Barselona”ya, 45 milyon avro
Kriştianu Ronaldu – “Yuventus”dan “Mançester Yunayted”ə, 17 milyon avro
Vedat Muriqi – “Malyorka”dan “Fənərbağça”ya, 15,5 milyon avro
Fernando Lyorente – “Suonsi”dən “Tottenhem”ə, 15,1 milyon avro
Alvaro Morata – “Milan”dan “Komo”ya, 12 milyon avro
Pyer-Emerik Obameyanq – “Barselona”dan “Çelsi”yə, 12 milyon avro
Marko Arnautoviç – “Bolonya”dan “Yuventus”a, 10,9 milyon avro
Karlos Tevez – “Boka Xuniors”dan “Şanxay Şenxua”ya, 10,5 milyon avro
Pyer-Emerik Obameyanq – “Marsel”dən “Latsio”ya, 9 milyon avro

Qeyd edək ki, Vedat Muriqi daha əvvəl də “Fənərbağça”da çıxış edib. Kosovolu hücumçu 2020-ci ildə İstanbul klubundan “Latsio”ya transfer olunmuşdu.