BAKI, 20 iyun. TELEQRAF

Braziliya millisi 2026-cı il dünya çempionatında Haiti ilə oyuna yaşlı start heyəti ilə çıxacaq.

Teleqraf xəbər verir ki, Karlo Ançelottinin C qrupunun II tur matçı üçün müəyyənləşdirdiyi start heyətinin orta yaşı 30 il 190 gündür.

“Opta”nın məlumatına görə, bu, Braziliya millisinin dünya çempionatlarında son 64 ildə ən yaşlı start heyətidir.

Alisson Bekker, Danilo, Markinyos, Qabriel Maqalyaynş, Duqlas Santos, Bruno Gimaraeş, Kazemiro, Rafinya, Lukas Paketa, Vinisius Junior və Mateus Kunya start heyətdə yer alıb.

Komanda daha yaşlı start heyəti ilə sonuncu dəfə 1962-ci il dünya çempionatının finalında meydana çıxmışdı. Həmin vaxt Braziliyanın start heyətinin orta yaşı 30 il 216 gün olub və komanda Çexoslovakiyanı 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Braziliya – Haiti matçı Bakı vaxtı ilə saat 04:30-da başlayacaq. Braziliya ilk turda Mərakeşlə 1:1 hesablı heç-heçə edib.