BAKI, 20 iyun. TELEQRAF

Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Rasim müəllim, Ermənistanda parlament seçkilərindən sonra daxili siyasi gərginlik səngimək bilmir. Baş nazir Nikol Paşinyanın seçkidəki qələbəsi fonunda revanşistlər və digər kəsim ona qarşı bütün cəbhələrdə savaş açdıqlarını bəyan ediblər. Bu fonda İrəvan üçün qarşıdakı 6 ayın çox çətin sınaqlarla keçəcəyi iddia edilir...

- İndiki halda ən önəmli məsələ TRIPP layihəsinin (Zəngəzur dəhlizi) reallaşması ilə bağlıdır. Hətta Ermənistan konstitusiyasında gözlənilən dəyişiklik belə bu məsələdən vacib deyil. Çünki layihə maliyyə və hazırlıq tələb edir. Bu amildən illərlə istifadə ediləcək. Kimlərsə öz gözləntilərini kağız parçasına, yəni, Ermənistan konstitusiyasında dəyişiklik amilinə bağlayırsa, onlar real siyasətdən uzaqdırlar. Sülhü kağız parçası yox, Azərbaycanın gücü təmin edəcək.

Ermənistanda revanşistlər də hakimiyyətə gəlsələr, heç bir dəyişikliyin, o cümlədən konstitusiya layihəsinin reallaşmasının qarşısını ala bilməyəcək. Bu, artıq mümkünsüzə çevrilib. Əks proseslər isə Azərbaycan üçün daha ciddi əsaslar yaradacaq ki, öz hərbi qüdrətini növbəti dəfə onlara göstərsin. Hələ sülh müqaviləsi imzalanmamış onlar bir qədər sərbəst davranırlar...

- Ermənistanın yeni konstitusiya layihəsi ilə bağlı proqnozlar nədən ibarətdir?

- Bu, artıq qaçılmaz prosesdir. Ermənistanın yeni konstitusiyası qəbul ediləcək və Azərbaycana qarşı əsassız ərazi iddialarını ehtiva edən bütün müddəalar oradan çıxarılacaq. Beləliklə, yeni Ermənistan konstitusiyası müstəqillik haqqında bəyannaməyə istinad etməyəcək. Paşinyanın bunun üçün imkanı var və o, bunu təmin edəcək.

- Parlamentdəki say çoxluğu Paşinyan komandası üçün bu iddiaları təmin etməyə imkan verirmi?

- “Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyan parlamentdə 29 deputat mandatı qazanıb. Əslində bu blok heç də vahid fraksiya deyil, ideologiyası və lideri yoxdur. Onların hamısı konyuktur adamlarıdır ki, ancaq pul qoxusuna bir yerə yığışıblar.

Ona görə də həmin 29 nəfərdən bir qismi keçmiş prezident, hərbi cani Robert Köçəryanın fraksiyasının arxasınca gedəcək. Qalanlarını isə lazım gəldikdə hakim çoxluq öz tərəfinə çəkəcək. Hesab edirəm ki, Paşinyan yeni konstitusiya layihəsini çox asanlıqla parlamentdən keçirə biləcək.

- Ermənistanın yaxın dövr üçün referenduma getməsi ehimalını necə dəyərləndirirsiniz?

- Əslində onların referendum haqqında qanunları çox qəlizdir. Gərək referendumda seçicilərin yarıdan çoxu iştirak etsin və müddəalara öz dəstəyini bildirsin. Bu baxımdan lazımi nəticəni almaq üçün seçicilərin yarıdan çoxusunu referenduma gətirmək və onların müsbət rəyini almaq şərti yerinə yetirilməlidir. Azərbaycanda bununla bağlı 25 faizlik tələb mövcuddur.

Ümumiyyətlə bir çox ölkələrdə referendum üçün kvorum yoxdur. Paşinyan da həmin qanunu dəyişməklə yeni konstitusiyanın qəbuluna nail olacaq. Beləliklə, Azərbaycanla sülh müqaviləsini imzalanacaq.

- Azərbaycan ərazisindən Ermənistana daşınan yüklərən keçidinə verilən icazə qarşıdakı dövrdə proseslərin inkişafına necə təsir edə bilər?

- Əslində Bakı bu addımı atmaqla Ermənistanla bağlı bir çox məsələləri həll etmiş olur. Türkiyənin də prosesə qoşulacağı halda Rusiya və İranın oyun oynamaq imkanları xeyli məhdudlaşacaq.

- Kremlin seçkidən sonrakı dönəmdə Ermənistandakı proseslərə təsir imkanlarını necə dəyərləndirirsiniz?

- Rusiya indiki halda proseslərə təsir imkanları itirib. O, sadəcə öz acizliyini həzm edə bilmir. Verilən bəyanatlar, Paşinyana təbrik məktubunun göndərilməməsi qəzəb nümayişindən başqa bir şey deyil.

Azərbaycandan Ermənistana neft məhsullarının göncərilməsi ilə Rusiyanın oyun qaydaları pozuldu. Moskva Ermənistana satılan yanacağın qiymətini artıra bilmədi.

Kremlin satdığı qazın qiymətini artırmaq imkanları məhduddur. Bu gün Rusiya öz qazını satmağa yer axtarır. Özbəkistana satdığı qazın qiyməti belə bunu deməyə əsas verir. Halbuki Özbəkistan nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), nə də Avrasiya İttifaqının üzvüdür...

Rusiya Ermənistana 1 kubmetr qazı 167 dollara, Özbəkistana 160, Gürcüstana isə 180 dollara satır. Əgər Azərbaycan qaz təchizatı ilə bağlı öz mövqeyini ifadə etsə, Rusiya bir daha anlayacaq ki, o, sadəcə növbəti bir bazarı itirir. Bu baxımdan Rusiya Ermənistanı nə qazla, nə də meyvə satışı ilə şantaj edə bilməyəcək. Rusiya atlanıb-düşüb sakitləşməli olacaq...