BAKI, 20 iyun. TELEQRAF
ABŞ millisinin futbolçusu Folarin Baloqun 2026-cı il dünya çempionatında ardıcıl ikinci dəfə matçın ən yaxşı oyunçusu seçilib.
Teleqraf xəbər verir ki, 24 yaşlı hücumçu D qrupunun II turunda Avstraliyaya qarşı keçirilən qarşılaşmada bu mükafata layiq görülüb.
ABŞ-nin 2:0 hesabı ilə qalib gəldiyi oyunda Baloqun ilk qolun vurulmasında iştirak edib. Onun 11-ci dəqiqədə ötürməsindən sonra Kameron Börqes topu öz qapısına göndərib.
“Monako”nun hücumçusu ilk turda Paraqvayla matçda da görüşün ən yaxşısı seçilmişdi. Həmin qarşılaşmada ABŞ 4:1 hesabı ilə qalib gəlmiş, Baloqun isə dubl etmişdi.
Qeyd edək ki, ABŞ millisi 2 oyundan sonra 6 xal toplayaraq pley-off mərhələsinə vəsiqəni təmin edib. Komanda qrupdakı son matçında Türkiyə ilə qarşılaşacaq.