BAKI, 20 iyun. TELEQRAF

“Türkiyə Cənubi Qafqazda təsirli gücə çevrilib”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə parlamentinin sədri Numan Kurtulmuş deyib.

Spiker Türkiyənin hazırkı mərhələdə xarici siyasətdə sözünə etibar edilən və nə deyəcəyinin maraqla gözlənildiyi ölkəyə çevrildiyini vurğulayıb:

“Daha da güclənəcəyik. Dünyanın hər yerindəki problemlərin həlli üçün səy göstərəcəyik. Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasından tutmuş Qəzza zolağında insanlığa qarşı cinayətlərin və soyqırımının dayandırılmasına qədər hər yerdə Türkiyənin sözü var və olacaq. Afrika qitəsində, Asiyada və dünyanın ən uzaq nöqtələrində yaşayan məzlum xalqların qurtulması, onların da ədalətli və haqlarının tanındığı bir dünyada yaşaması üçün ideyalar irəli sürəcək, səy göstərəcək və siyasətimizi həyata keçirəcəyik.

Türkiyə İslam dünyası, Balkan, Cənubi Qafqaz və digər regionlarda təsirli ölkə mövqeyinə yüksəlib. Türkiyə bütün beynəlxalq platformalarda adı çəkilən, nüfuz sahibi olan və etibar edilən ölkəyə çevrilib”.