BAKI, 3 aprel. TELEQRAF

“Hazırkı hesab dramın və intriqanın qarşıdakı cavab matçına qalacağını göstərir”.

Teleqraf xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas deyib.

Mütəxəssis Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda səfərdə “Qarabağ”la 2:2 hesablı heç-heçə etdikləri qarşılaşmanı belə şərh edib:

“Əvvəlcə hər iki komandanı möhtəşəm oyuna görə təbrik edir və təşəkkürümü bildirirəm. Mən azarkeş olsaydım, bu tip oyunlardan zövq alardım. Hər iki komanda üçün iki həftəlik fasilədən sonra oynamaq asan olmadı. Həddindən artıq ucuz top itkilərinə yol verdik.

İkinci hissənin əvvəlində rəqib bizə çox təzyiq göstərdi. İkinci hissənin ikinci yarısında isə daha yaxşı çıxış edən tərəf biz idik. İndi bunu unudub qarşıdakı oyuna hazırlaşmalıyıq. “Qarabağ”la ardıcıl olaraq həm çempionat, həm də kubok oyunlarımız var. Hazırda Avropa barədə düşünmürəm. Çünki qarşıda vacib oyunlarımız var.

Əlbəttə ki, “Qarabağ”ı keçə bilməsək, bunu normal hal kimi qəbul edəcəyəm. Çünki futbolda udmaq və uduzmaq var. Gələcəkdə nə olacağını zaman göstərəcək. Hələ cavab oyununa 20 gün var və mən bunu qətiyyən düşünmürəm. Mən yalnız nəyi edə bilmədik, nələri artıra bilərik - bunları düşünürəm. Ən önəmlisi qarşıdakı oyundur.

“Sabah” xüsusi klubdur. Bizim çox yaxşı planlamamız və idarəetməmiz var. Siyahıda transferlər varsa, skautlar bununla məşğul olur. Aprelin əvvəlidir, transferlərlə bağlı narahat deyiləm. Sosial medianı oxumuram. “Qarabağ”ın futbolçusu Aleksey Kaşukun transferi barədə yayılanlar şayiədir. Skautlar və məşqçi heyəti birlikdə çalışırıq.

Azərbaycanlı oyunçulara həmişə önəm veririk. Çalışırıq ki, yerli futbolçular komandada əsas rol oynasın. Nə olursa olsun, azərbaycanlı oyunçular klubların ürəyidir”.