BAKI, 18 noyabr. TELEQRAF

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov AXCP sədri Əli Kərimlinin həbsi ilə bağlı aparılan araşdırmaların Azərbaycan qanunvericiliyinə uyğun həyata keçirildiyini bildirib.

Teleqraf xəbər verir ki, bunu nazir almaniyalı həmkarı Yohann Vadeful ilə birgə mətbuat konfransında “Politico” nəşrinin jurnalisti Hans fon der Burxardın Əli Kərimlinin həbsi ilə bağlı sualını cavablandırarkən deyib.

Ceyhun Bayramov qeyd edib ki, istintaq və araşdırmalar davam edir, hər bir şəxs törətdiyi əməllərə görə qanun qarşısında cavabdehdir: “Müxalifət nümayəndəsi olmaq heç kəsi hüquqi məsuliyyətdən azad etmir. Aparılan araşdırmalar Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə həyata keçirilir və məhkəmənin yekun qərarı bütün suallara aydınlıq gətirəcək”.

Qeyd edək ki, Əli Kərimlinin işi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən istintaq olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə yekun ittiham irəli sürülüb.

Hazırda onun barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.