BAKI, 18 noyabr. TELEQRAF
2027-ci ilin dövlət büdcəsi layihəsində yerli büdcələrə 7,5 milyon manat dotasiya və 1 milyon 550 min manat subvensiya ayrılması nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bugünkü iclasında gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin institusional və maliyyə imkanlarının gücləndirilməsinə ehtiyac qalmaqdadır:
"Xüsusilə yaşayış məntəqələrinin abadlaşdırılması, yerli infrastrukturun saxlanılması və kommunal xidmətlərin təşkili ilə bağlı məsələlərdə bələdiyyələrlə digər aidiyyəti qurumlar arasında səlahiyyət və məsuliyyət bölgüsünün daha da dəqiqləşdirilməsi vacibdir. Belə bir yanaşma vətəndaş müraciətlərinə baxılmasında operativliyin artırılmasına, idarəetmədə təkrarlığın və səlahiyyətlərin qeyri-müəyyənliyindən irəli gələn çətinliklərin aradan qaldırılmasına şərait yarada bilər. Həmçinin əlavə səlahiyyətlərin verilməsi zamanı onların maliyyə təminatının əvvəlcədən müəyyənləşdirilməsi xüsusi diqqət tələb edir".
S.Novruzov vurğulayıb ki, gələn ilin dövlət büdcəsindən yerli büdcələrə ayrılacaq vəsaitlərin təsirinin artırılması və maliyyə imkanları məhdud olan bələdiyyələrin dəstəklənməsi üçün maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi zəruridir:
"Bu məqsədlə dövlət büdcəsindən ayrılan dotasiyaların bölgüsündə qanunvericiliklə müəyyən edilmiş meyarların daha səmərəli tətbiqi, əhalinin sayı, yaşayış məntəqələrinin sosial-iqtisadi vəziyyəti, yerli büdcələrin gəlir imkanları və infrastruktur ehtiyaclarının obyektiv qiymətləndirilməsi vacibdir. Eyni zamanda, subvensiyaların ayrılmasında konkret layihələrin sosial-iqtisadi səmərəliliyinə, əhalinin həyat şəraitinə təsirinə və nəticələrin ölçülə bilməsinə üstünlük verilməsi məqsədəuyğundur. Dövlət büdcəsindən bələdiyyələrə ayrılan dotasiya və subvensiyaların həcminin yerli ehtiyaclar və maliyyə imkanları nəzərə alınmaqla mərhələli şəkildə artırılması da vacib hesab olunur.
Bununla yanaşı, bələdiyyələrin maliyyə dayanıqlılığı yalnız dövlət büdcəsindən ayrılan vəsaitlərin artırılması ilə təmin edilə bilməz. Yerli vergilərin və ödənişlərin yığımının təkmilləşdirilməsi, bələdiyyə torpaqlarından və digər əmlakından səmərəli istifadə, əlavə qanuni gəlir mənbələrinin formalaşdırılması və maliyyə idarəçiliyində şəffaflığın artırılması da xüsusi aktuallıq kəsb edir. Bu sahədə rəqəmsallaşma tədbirlərinin davam etdirilməsi, yerli vergi və ödənişlərin uçotunun təkmilləşdirilməsi və hesabatlılığın artırılması yerli büdcələrin gəlir imkanlarının genişlənməsinə töhfə verə bilər".
Deputat əlavə edib ki, regional inkişafda bələdiyyələrin rolunu artırmaq üçün onların yerli iqtisadi proqramlarda iştirak imkanları genişləndirilməli, bələdiyyə mülkiyyətindən səmərəli istifadə və investisiya layihələrində dövlət-özəl sektor əməkdaşlığı təşviq olunmalıdır.