BAKI, 16 noyabr. TELEQRAF

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşündə Andorra yığmasına qalib gəlib.

Teleqraf xəbər verir ki, "Estadi de la FAF" stadionunda keçirilən qarşılaşma millimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 3-cü dəqiqədə Eşqin Əhmədov açıb. 47-ci dəqiqədə Musa Qurbanlı fərqi artırıb. Meydan sahiblərindən Rikard Fernandes 55-ci dəqiqədə fərqlənsə də, 70-ci dəqiqədə Toral Bayramov penaltidən dəqiq zərbə ilə oyunda son nöqtəni qoyub.

Qarşılaşma həm də yığmanın kapitanı Emin Mahmudovun milli komanda karyerasında 66-cı və vida matçı kimi əlamətdar olub.

Qeyd edək ki, 34 yaşlı yarımmüdafiəçi Azərbaycan millisində 2016-cı il sentyabrın 4-də DÇ-2018-in seçmə mərhələsində San-Marinoya qarşı səfər matçında (1:0) debüt edib. O, Qurban Qurbanovun 14 qolluq rekordunu yeniləyərək yığma komandanın tarixində ən məhsuldar futbolçu adına sahib çıxıb. Klub karyerası ərzində Rusiyanın "Saturn", "Spartak" (Moskva), "Tom", "Krılya Sovetov", "Mordoviya" və Portuqaliyanın "Boavişta" komandalarında çıxış edən E.Mahmudov 2017-ci ildən "Neftçi"nin şərəfini qoruyur.