BAKI, 18 noyabr. TELEQRAF

"Vergi dövlətin gücünü, vergi ədaləti isə dövlətin müdrikliyini göstərir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov parlamentin bugünkü iclasında vergi siyasəti və güzəştlərlə bağlı müzakirələr zamanı deyib.

Deputat qeyd edib ki, verginin mahiyyətinə yalnız sahibkarlıq subyektlərinin maliyyə yükü baxımından yanaşmaq doğru deyil:

"Vergi dövlətin mövcudluğunun, iqtisadi inkişafının, təhlükəsizliyinin, təhsilinin, səhiyyəsinin və digər ictimai xidmətlərinin davamlılığını təmin edən əsas mexanizmdir. İqtisadi fəallığın və investisiyaların stimullaşdırılması məqsədilə müəyyən vergi güzəştləri tətbiq oluna bilər. Ancaq əsas məsələ güzəştlərin çoxluğu deyil, onların hansı prinsiplərlə və nə dərəcədə ədalətli tətbiq edilməsidir. Güclü dövlət yalnız vergi toplamağı bacaran deyil, topladığı vergini ədalətlə idarə edən dövlətdir".

R.Mahmudov səhiyyə sahəsində vergi və sosial ödənişlərə münasibətdə mövcud olan bəzi fərqli yanaşmaların yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb:

"Bu gün Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən institutlar, ali tibb təhsili müəssisələrinin klinikaları, digər dövlət tibb müəssisələri və özəl xəstəxanalar eyni səhiyyə sisteminin tərkib hissələridir. Lakin bu müəssisələrin vergi və sosial ödəniş rejimlərində təşkilati-hüquqi statusundan, mülkiyyət formasından və aid olduğu sektordan asılı olaraq ciddi fərqlər var. Müxtəlif dövrlərdə qeyri-neft-qaz sektoruna tətbiq edilən güzəştlər, əməkhaqqının müəyyən hədlərinə, o cümlədən 8 min manatadək olan hissəsinə münasibətdə fərqli vergitutma mexanizmləri, ayrı-ayrı müəssisələrə şamil olunan xüsusi rejimlər nəticəsində eyni peşə fəaliyyəti ilə məşğul olan tibb işçilərinin vergi və sosial ödəniş yükü fərqlənə bilir.

Eyni ixtisasa malik və eyni tibbi xidməti göstərən həkimlərin yalnız çalışdıqları müəssisənin hüquqi statusuna görə fərqli maliyyə şərtləri ilə üzləşməsi səhiyyə sistemində sağlam rəqabətə, kadrların ədalətli bölgüsünə və müəssisələrin dayanıqlı inkişafına mənfi təsir göstərə bilər. Burada məsələ hansısa müəssisəyə verilmiş güzəştin ləğv olunması deyil, bütün səhiyyə müəssisələrinə münasibətdə vahid, şəffaf və ədalətli prinsiplərin müəyyən edilməsidir. Elmi-tədqiqat, tədris, sosial öhdəliklər və dövlət sifarişi kimi obyektiv fərqlər nəzərə alına bilər, lakin bu fərqlər əsassız vergi üstünlüklərinə və ya rəqabət bərabərsizliyinə çevrilməməlidir".

Deputat əlavə edib ki, səhiyyənin güclü olması üçün həm dövlət, həm də özəl sektorun bərabər prinsiplər əsasında inkişafına şərait yaradılmalıdır:

"Vergi güzəşti ayrı-ayrı qurumların imtiyazına deyil, ölkənin iqtisadi və sosial inkişafına xidmət etməlidir. Biz verginin əleyhinə deyil, vergidə ədalətsizliyin əleyhinə olmalıyıq. Çünki dövlətin vergiyə ehtiyacı olduğu qədər, vətəndaşın da ədalətli dövlətə ehtiyacı var".