BAKI, 18 noyabr. TELEQRAF

“Parlament müxalifətini yeni konstitusiyanın qəbuluna dair referendum layihəsini dəstəkləməyə məcbur etmək cəhdi Nikol Paşinyan hökumətinin devrilməsi ilə nəticələnə bilər”.

Teleqraf xəbər verir ki, bunu parlamentdəki müxalif “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan deyib.

O qeyd edib ki, referendumun keçirilməsinin məqsədəuyğunluğunu hakimiyyət və müxalifətin müzakirəsi üçün layihə Milli Məclisə təqdim olunacaq.

Narek Karapetyan iddia edib ki, müxalifət onun keçirilməsinə imkan verməyəcək.

Ermənistan Baş naziri Nikol Paşinyanın referendum layihəsini dəstəkləməsi üçün müxalifətə ictimai təzyiq göstərməklə hədələməsi barədə suala cavabında fraksiya rəhbəri qeyd edib: “Səsverməyə məcbur etmək konstitusiya quruluşunun devrilməsi deməkdir”.

Xatırladaq ki, Nikol Paşinyan oktyabr ayında yeni konstitusiyanın qəbul edilməsi məsələsində müxalifətin dəstəyini ictimai təzyiq vasitəsilə əldə edəcəyini bəyan etmişdi.