BAKI, 17 noyabr. TELEQRAF
"Azərbaycan millisində özünəinam hiss olunur. Xüsusilə Ayxan Abbasovun gəlişindən sonra kollektivdə əhval-ruhiyyə yaxşılaşıb, əzmkarlıq artıb və komanda daha mübariz olub. Düşünürəm ki, həmin vaxt milliyə yerli məşqçinin gəlməsinə ehtiyac var idi. Ayxan Abbasov doğru zamanda baş məşqçi təyin olundu və komanda toparlana bildi".
Bunu Teleqraf-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Rauf Əliyev deyib.
O, yığmanın 2026-cı ildəki çıxışını dəyərləndirib, UEFA Millətlər Liqasındakı nəticələrə, komandanın çatışmazlıqlarına və inkişaf yollarına münasibət bildirib.
Rauf Əliyev evdə Lixtenşteynlə heç-heçəni uğursuz nəticə adlandırıb və heyət seçiminin məhdudluğundan danışıb:
"Mənfi məqam kimi evdə Lixtenşteynlə heç-heçə etməyimizi qeyd edə bilərəm. Lakin sonradan komandamız vəziyyəti düzəldə bildi. Çətinliklərdən biri də milli komanda üçün futbolçu seçiminin məhdud olmasıdır. Məşqçilər bu baxımdan çətinlik çəkirlər. Daha çox oyunçu arasından seçim etmək yaxşı olardı. Bu, yerli çempionatda legioner limitindən və azərbaycanlı futbolçuların az oynamasından qaynaqlana bilər. İstərdik ki, seçim imkanları daha geniş olsun. Baş məşqçi 25-30 deyil, 70-80 futbolçu arasından seçim edə bilsin. Aşağı yaş qruplarında çıxış edən futbolçular özlərini daha yaxşı göstərməlidirlər ki, gələcəkdə əsas millinin məşqçilərinin seçim imkanları artsın".
Sabiq hücumçu Millətlər Liqasında Litva və Lixtenşteynlə eyni qrupda yer almalarına və azarkeş gözləntilərinə də toxunub:
"Qarşılaşdığımız rəqiblər, əlbəttə ki, əsasən bizim səviyyəmizə uyğun komandalardır. Azərbaycan millisi bu rəqiblərə qalib gələndə belə, azarkeşlər daha güclü komandalarla qarşılaşmağımızı və həmin rəqiblərə qarşı da müsbət nəticələr əldə etməyimizi istəyirlər. Bəlkə də narazılıq məhz bununla bağlıdır".
R.Əliyevin sözlərinə görə, heyətdə rəqabət mühiti gücləndirilməlidir:
"Baş məşqçinin hər mövqedə 4-5 futbolçu arasında seçim etmək imkanı olsa, komandada rəqabət artar və milli daha da güclənər. Hazırda hansı mövqedə çatışmazlıq olduğunu dəqiq demək çətindir. Bununla belə, hər mövqedə daha geniş seçim imkanının olması vacibdir".
Veteran futbolçu əsas yığmanın gələcək uğurları üçün aşağı yaş qruplarındakı şəraitin yaxşılaşdırılmasını vacib sayıb:
"Millimiz ölkənin birnömrəli komandasıdır. Ona görə də hələlik yığmadan müsbət və yaxşı nəticələr gözləməliyik. İnkişafdan danışırıqsa, ilk növbədə uşaq futboluna və akademiyalara diqqət yetirilməlidir. Bu sahədə nəzarət gücləndirilməli, xüsusilə də uşaq komandalarının məşq etdiyi və oyunlarını keçirdiyi meydançaların vəziyyətinə diqqət ayrılmalıdır. Hər bir xırdalıq nəzərə alınsa və lazımi addımlar atılsa, gələcəkdə millimizdən də yaxşı nəticələr gözləyə bilərik".
Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasının D Liqasının II qrupunu 8 xalla birinci pillədə başa vurub. Yığma Litva ilə səfərdə 1:1 hesablı heç-heçə edib, evdə Lixtenşteynlə qolsuz bərabərə qalıb. Daha sonra Litvanı 1:0, səfərdə isə Lixtenşteyni 1:0 hesabı ilə məğlub edib.