BAKI, 18 noyabr. TELEQRAF

Lionel Messi ilə Argentina Futbol Assosiasiyası (AFA) arasında kommersiya hüquqları ilə bağlı narazılıq yaranıb.

Teleqraf İspaniyanın “Marca” nəşrinə istinadla xəbər verir ki, “İnter Mayami”nin hücumçusu qurumdan öz imicinin kommersiya məqsədilə istifadəsinə son qoyulmasını tələb etməyə hazırlaşır.

Məlumata əsasən, futbolçunun vəkilləri bununla bağlı rəsmi müraciət hazırlayıb. Sənədin AFA-nın baş ofisinə göndəriləcəyi gözlənilir.

Tərəflər arasındakı narazılığın səbəblərindən biri argentinalı futbolçunun fotosunun yerli pivə markasının məhsullarında istifadə edilməsidir. Messi ABŞ-də fəaliyyət göstərən başqa bir pivə istehsalçısı ilə reklam əməkdaşlığı etdiyindən bu vəziyyət onun sponsorluq müqavilələri baxımından problem yarada bilər.

Bundan başqa, futbolçunun AFA ətrafında baş verən maliyyə qalmaqallarından uzaq durmaq və öz adının qurumla əlaqələndirilməsinin qarşısını almaq istədiyi bildirilir.

Qeyd edək ki, Messi Argentina millisində 208 oyun keçirib və 126 qol vurub. O, yığmanın heyətində 2008-ci ildə Olimpiya çempionu, 2021 və 2025-ci illərdə Amerika Kubokunun, 2022-ci ildə isə dünya çempionatının qalibi olub.