BAKI, 18 noyabr. TELEQRAF
2027-ci ildə Azərbaycanda icmal büdcənin 1/3-nin auditlə əhatə olunması hədəflənir.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Audit və analitik fəaliyyət formasında 40 kənar dövlət maliyyə nəzarəti tədbirinin keçirilməsi nəzərdə tutulub. Ayrılan vəsaitlər hesabına tematik dövlət auditlərinin sayının iki dəfə artırılması, performans (səmərəlilik) auditlərinin payının isə ümumi audit portfelinin 15 %-dən çox olması nəzərdə tutulur".
O həmçinin qeyd edib ki, 2027-ci ildə “Dövlət auditi” informasiya sisteminin funksionallıqlarının təkmilləşdirilməsi, “Elektron hökumət” informasiya sistemi üzrə dövlət qurumları ilə məlumat mübadiləsi imkanlarının artırılması, formalaşdırılmış məlumat bazaları üzrə süni intellektin tətbiqi nəzərdə tutulur.