BAKI, 16 noyabr. TELEQRAF

Argentinalı futbolçu Abel Nunyes 18 yaşında başından aldığı ağır zədə nəticəsində dünyasını dəyişib.

Teleqraf xəbər verir ki, bu barədə “TyC Sports” telekanalı məlumat yayıb.

Hadisə Argentina Futbol Assosiasiyasının (AFA) gənclər arasında təşkil etdiyi V Divizion turnirində “Eseysa” və “Deportivo Munis” komandaları arasında keçirilən matçda baş verib.

Qarşılaşma zamanı rəqib futbolçunun güclü zərbə ilə meydandan uzaqlaşdırdığı top Nunyesin başına dəyib. Zərbədən sonra huşunu itirən futbolçuya meydanda ilkin tibbi yardım göstərilib və o, dərhal xəstəxanaya çatdırılıb.

Həkimlərin müdaxiləsinə və əməliyyata baxmayaraq, gənc futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Abel Nunyes futzal üzrə “Nueva Estrella” klubunun əvəzedici komandasında da çıxış edib. Klub futbolçunun vəfatı ilə əlaqədar noyabrın 15-dək nəzərdə tutulan bütün tədbirləri, o cümlədən “Argentinos Xuniors”la oyunu ləğv edib.