BAKI, 18 noyabr. TELEQRAF

Gələcək Peşələr Sammitinin regionlarda da keçirilməsi nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədr müavini Ramal Quluzadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ümumilikdə, sammit çərçivəsində müxtəlif panellərin və vorkşopların keçirilməsi nəzərdə tutulur.

"Panellərdə gələcəyin peşələri, qarşıdakı dövrdə hansı peşələrin inkişaf edəcəyi, bu sahədə hansı tendensiyaların gözlənildiyi müzakirə olunur. Beynəlxalq ekspertlər öz dəyərli fikirlərini bölüşürlər. Müzakirələr çərçivəsində bu istiqamətdə ümumi nəticələr əldə ediləcək", - o vurğulayıb.

R.Quluzadə əlavə edib ki, sabah Dövlət-Biznes Əməkdaşlıq Forumu keçiriləcək:

"Bununla da Məşğulluq Həftəsinin dörd günlük proqramı yekunlaşacaq. İlk gün keçirilən Milli Məşğulluq Forumunda daha çox bu sahənin nəzəri tərəflərinə, işəgötürənlərlə bağlı proseslərin fundamental təhlilinə və dünyadakı təcrübələrin öyrənilməsinə diqqət yetirirdik. Xüsusilə, həssas kateqoriyalara aid şəxslərin məşğulluğunun təmin edilməsi və onlar üçün iş imkanlarının yaradılması ilə bağlı müzakirələr aparılırdı.

Bu gün keçirilən Gələcək Peşələr Sammitində isə daha çox peşələrin gələcəyinə, onların inkişaf perspektivlərinə və bu sahədəki tendensiyalara diqqət yetirilir.

Növbəti gün keçiriləcək Dövlət-Biznes Əməkdaşlıq Forumunda isə peşə və ixtisasların gələcək rolunda dövlətin və biznesin qarşılıqlı fəaliyyəti, bu prosesdə tənzimləmələrin necə aparılmalı olduğu müzakirə ediləcək. Həmçinin sosial tərəfdaşlarımızın və ictimai birliklərimizin bu proseslərdə necə iştirak edəcəyi diqqət mərkəzində olacaq. Bütün bu proseslərdə iştirak edən tərəfləri dörd gün ərzində keçirilən tədbirlərdə bir araya gətirmək, onların fikirlərini dinləmək və gələcəklə bağlı ümumi nəticələr əldə etmək əsas məqsədimizdir".