BAKI, 18 noyabr. TELEQRAF
“Barselona”da hər üç gündən bir öz səviyyəni sübut etməlisən. “Real Madrid”i məğlub edirsən və ən yaxşı olursan. Üç gün sonra PSJ-yə uduzursan və artıq şübhələr yaranır. “Barselona”da futbolçular bütün il boyu belə təzyiq altında olurlar.
Teleqraf xəbər verir ki, bunu “İnter Mayami”nin hücumçusu Luis Suares Kataloniya klubunda çıxış etdiyi dövrü xatırlayarkən deyib.
Uruqvaylı futbolçu 2014-2020-ci illərdə formasını geyindiyi “Barselona”dan ayrılmasının onun üçün ağır olduğunu bildirib:
"Hər yara iz qoyur. Futbolda belədir, həyatına davam etməlisən. Həmin vaxt çox ağrılı və kədərli idi, amma hər şeyin bir səbəbi var. O zaman həm klubun, həm də öz xeyrim üçün “Barselona”dan ayrılmalı idim. Bu kluba çox şey vermişdim, o da mənə çox şey qazandırmışdı. Əlimdən gələni etdiyimi bilirdim. “Atletiko Madrid” məni böyük sevgi ilə qarşıladı. Bu kluba da minnətdaram".
39 yaşlı hücumçu Lionel Messidən əvvəl karyerasını başa vura biləcəyini də istisna etməyib:
"Leonun o qədər enerjisi və oynamaq həvəsi var ki, yəqin bir gün ona deyəcəyəm: “Dostum, sən davam et, mən isə karyeramı başa vururam”. Hələlik ikimiz də xoşbəxtik, oyundan zövq alırıq və fiziki cəhətdən özümüzü yaxşı hiss edirik".
Qeyd edək ki, Suares 2024-cü ilin yanvarından “İnter Mayami”də çıxış edir. Onun ABŞ klubu ilə müqaviləsi 2026-cı ilin dekabrına qədərdir.