"Bizim üçün ağır səfər idi. Düşünürəm ki, hava şəraiti də oyunumuza mane oldu. İlk hissədə bir az boşluqlar verdik, rəqib də bundan yararlandı. Əfsuslar olsun ki, məğlub olduq. Çalışacağıq ki, cavab qarşılaşmasında qalib gələrək mərhələ adlayaq".
Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Toral Bayramov Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Şamaxı”ya 1:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.
"Çalışacağıq Premyer Liqa matçında 3 gün sonra "Şamaxı"ya qalib gələk. Liderdən 4 xal geridəyik. Səhv etmək hüququmuz yoxdur. Hər üç gündən bir oynamaq elə də asan deyil. Sıx qrafik təbii ki, oyunumuza təsir edir" - Bayramov əlavə edib.
Toral Bayramov sıx qrafikdə "Neftçi" ilə oyunun təxirə salınmamasına isə şərh vermək istəməyib.
Bayramov Kiprin AEK (Larnaka) klubundan fransalı futbolçu Jeremi Qnalinin transferindən sonra onun ayrılmasına dair gəzən söz-söhbətlərə də aydınlıq gətirib. O, iddiaları nə təkzib, nə təsdiq edib: “Bu suala cavab vermək istəmirəm. Gələcəkdə nə olacaqsa, hər kəs görəcək. Hər bir halda “Qarabağ”ın futbolçusuyam. Buranın uğurları üçün çalıram. İndiki halda da başqa yer haqqında fikirləşmirəm. Gələcəkdə nə olar, onu Allah bilir”.