BAKI, 15 sentyabr. TELEQRAF
Hazırda iki əsas müharibə - Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə baş verən münaqişə mövcuddur. Hər iki müharibə sərhədyanı ölkələrdə baş verir. Bu proseslərin necə nəticələnəcəyi, dünya xəritəsinin necə dəyişəcəyi hələ də aydın deyil. Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi var və bu sənəd Azərbaycanın təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
Teleqraf xəbər verir ki, bunu Bakıda keçirilən “Türk Dünyası Dialoqları: Ortaq Gələcək, Ortaq Vizyon” panel seriyasının ikinci tədbirində millət vəkili Fariz İsmayılzadə deyib.
"İkinci məsələ texnologiyalarla bağlıdır. Dünyada texnologiya sürətlə inkişaf edir və bu proses ənənəvi ordu quruculuğuna ciddi təsir göstərir. Yeni texnologiyalar ortaya çıxır və əsas sual ondan ibarətdir ki, biz bu dəyişikliklərə nə dərəcədə hazırıq.
Türkiyə innovasiya sahəsində mühüm irəliləyişlər əldə edib. Ordu quruculuğunda texnologiyanın inkişafı vacibdir.
Üçüncü məsələ Türk dünyasının inteqrasiyası ilə əlaqədardır. Bu istiqamətdə, xüsusilə iqtisadi sahədə çox mühüm addımlar atılır. Orta Dəhlizin inkişafı ilə paralel olaraq iqtisadi layihələrin də inkişaf etdiyini görürük. Gələcəkdə hərbi sənaye sahəsində əməkdaşlığa və birgə hərbi təlimlərə daha çox diqqət yetirməliyik", - deyə Fariz İsmayılzadə qeyd edib.
Onun sözlərinə görə, Türk dünyasında ordu quruculuğu məsələsinə xüsusi diqqət yetirilməlidir: "Regionda baş verən proseslərə qarşı birgə addımlar atmalıyıq. Təhsil sahəsində də çox iş görə bilərik. Hazırda birgə magistr və bakalavr proqramları kifayət qədər deyil, tələbə mübadiləsi proqramları isə zəifdir. Bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsinə ehtiyac var".