BAKI, 15 sentyabr. TELEQRAF

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən təşkil olunan “Türk Dünyası Dialoqları: Ortaq Gələcək, Ortaq Vizyon” panel seriyasının ikinci tədbiri Bakıda keçirilir.

Teleqraf xəbər verir ki, paneldə Türk dünyasının inteqrasiyası, ortaq əlifba, dezinformasiyaya qarşı mübarizə, media və kommunikasiya sahəsində əməkdaşlıq, eləcə də Türk Dövlətləri Təşkilatının (TDT) inkişaf perspektivləri müzakirə olunur.

Tədbirə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran video-müraciətlə qatılacaq.

Panelin moderatoru Prezident Administrasiyası Kommunikasiya İdarəsinin Özbəkistandakı Daşkənd Kommunikasiya müşaviri Mehmet Yücedir.

Paneldə Türkiyə Prezidentinin baş müşaviri və Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Seyit Sertçelik, millət vəkili Fariz İsmayılzadə, İsmayıl Qaspralı adına Xarici Siyasət İnstitutunun rəhbəri, professor Esma Özdaşlı, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev və Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nizam Cəfərov çıxış edəcəklər.

Panelin əsas məqsədi Türk Dövlətləri Təşkilatının regional və qlobal səviyyədə görünürlüğünün artırılması, Türk dünyasının ortaq gələcək baxışının daha geniş auditoriyalara çatdırılması, həmçinin üzv və müşahidəçi ölkələr arasında akademik, mədəni, iqtisadi və ictimai əlaqələrin gücləndirilməsidir.

Panel çərçivəsində təhsil, iqtisadiyyat, nəqliyyat, enerji, elm və texnologiya, müdafiə sənayesi, media və mədəniyyət sahələrində mövcud əməkdaşlığın inkişaf etdirilməsi və yeni əməkdaşlıq imkanları da müzakirə olunacaq.

Bundan əlavə, oktyabrın 29-30-da Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə görüşü ilə bağlı perspektivlərin də panelin gündəliyində yer alacağı bildirilir.

Qeyd edək ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən təşkil olunan “Türk Dünyası Dialoqları: Ortaq Gələcək, Ortaq Vizyon” panel seriyasının ilk tədbiri sentyabrın 4-də Astanada keçirilib.