BAKI, 15 sentyabr. TELEQRAF
Ölkə xaricində qiymətli kağızlara yatırılan portfel investisiyaların xalis faiz gəliri 606 milyon dollar olub.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov 2026-ci ilin ilk 6 ayınən yekunlarına dair Tədiyə balansının açıqlanmasına həsr olunan brifinqdə deyib.
Onun sözlərinə görə, 6 ayda Azərbaycanın xaricə yatırdığı investisiyaların həcmi 5 milyard dollar olub:
"İlk "top 5-likdə" İtaliya, Türkiyə, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstan yer alır. Hesabat dövründə İtaliyanın aparıcı neft məhsulları operatorlarından və enerji şirkətlərindən biri olan "Italiana Petroli" şirkətinin səhmlərinin 99,82%-ni "API Holding"dən 2,5 milyard avroya satın alınıb. Bu birbaşa xarici investisiyalar üzrə kəsiri şərtləndirib. Lakin növbəti dövrlərdə ölkəyə ilkin gəlirlər balansında mütəmadi olaraq faiz gəlirləri gətirəcək.
6 ayda ölkəyə 3,6 milyard dollarlıq birbaşa xarici investisiya yatırılıb. İlk "top 5-likdə" Böyük Britaniya, Türkiyə, Kipr, Rusiya və İran yer alıb. Yatırılan 3,6 milyard dollarlıq birbaşa xarici investisiyanın qarşılığında 3,8 milyard dollarlıq birbaşa xarici investisiyanın repatriasiyası (geri qaytarılması) reallaşdırılıb. Bu əsasən xam neft və qaz şəklində olub".