BAKI, 15 sentyabr. TELEQRAF

2026-cı ilin birinci yarısında xidmətlər balansında təxminən 1 milyard dollarlıq kəsir yaranıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov 2026-ci ilin ilk 6 ayınən yekunlarına dair Tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.

O qeyd edib ki, xidmətlər balansında kəsiri şərtləndirən əsas amil neft-qaz sektorunda göstərilən digər işgüzar və tikinti xidmətləri ilə əlaqədardır:

“Lakin artıq xidmətlər balansında dayanıqlı və daim profisitlə formalaşan maddələrimiz var. Bunlardan biri nəqliyyat xidmətləridir. Bu dövrdə nəqliyyat xidmətlərinin profisiti təxminən 941 milyon dollar təşkil edib.

Bu profisit əsasən yükdaşımaları ilə əlaqədardır. Burada, əsasən, həm Cənubi Qafqaz Boru Kəməri, həm də Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə daşınan neft və qazla bağlı göstərilən xidmətlər nəzərdə tutulur.

Həmçinin turizm xidmətləri də bu dövrdə profisitlə formalaşıb. Turizm xidmətlərinin profisiti 108 milyon dollar təşkil edib”.

S.Nəsirov əlavə edib ki, ilkin gəlirlər balansımız isə bu dövrdə kəsirlə formalaşıb:

“Kəsir ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 16 faiz azalaraq 908 milyon dollar təşkil edib.

İlkin gəlirlər balansı dedikdə, əsasən faiz repatriasiyası və faiz gəlirləri nəzərdə tutulur. Bu çərçivədə bilirsiniz ki, neft və qazın qiymətləri bahalaşdıqca, faiz repatriasiyası da yüksəlməyə meyllənir.

Bu çərçivədə birbaşa investisiyalar üzrə ölkə xaricinə çıxan faiz repatriasiyası xalis olaraq 1,4 milyard dollar təşkil edib”.