BAKI, 15 sentyabr. TELEQRAF
“Ermənistanın Avropa İttifaqı (Aİ) ilə ticarət inteqrasiyası İrəvan üçün ciddi nəticələr doğura bilər, çünki bu, Avrasiya İqtisadi Birliyinin (AİB) qaydaları ilə bağlı problemlər yaradır”.
Teleqraf xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Sidorov deyib.
“Brüsselin irəli sürdüyü tədbirlər Avropa mallarının Ermənistana rüsumsuz idxalını nəzərdə tutmur. İrəvan yalnız yeni rüsum və maneələr tətbiq etməkdən çəkinməyi öhdəsinə götürür. İdxalın daha dərin liberallaşdırılması halında Ermənistan AİB-in əsas ticarət prinsiplərinin pozulması riski ilə üzləşəcək”, - ekspert bildirib.
Sidorov qeyd edib ki, rüsumların sıfırlanması halında Avropa məhsulları nəzəri olaraq Ermənistan vasitəsilə AİB-in digər ölkələrinin bazarlarına daxil ola bilər: “Bu durumda xüsusi mexanizmlər və razılaşmalar tələb olunacaq. AİB çərçivəsində bununla razılaşıb-razılaşmayacaqları isə sualdır”.
Aİ Şurası bundan əvvəl Avropa Komissiyasının Ermənistanla ticarətin liberallaşdırılması təşəbbüsünü dəstəkləyib. Tədbir Ermənistan məhsullarına idxal rüsumlarının müvəqqəti olaraq, iki il müddətinə ləğv edilməsini nəzərdə tutur. Əsas şərt Avropa mallarının Ermənistan bazarına maneəsiz çıxışının təmin edilməsi olacaq. Bu təşəbbüslə bağlı Avropa Parlamentində səsvermə sentyabrın 15-də keçiriləcək.