BAKI, 14 sentyabr. TELEQRAF

Britaniyalı UFC döyüşçüsü Tom Aspinall ağır çəkidə çempionluq titulundan imtina edib.

Teleqraf xəbər verir ki, 33 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında açıqlama yayıb.

Aspinall gözləri ilə bağlı problemlərin davam etdiyini və hazırda döyüşmək üçün tibbi icazə ala bilmədiyini bildirib.

“Məyusam. Gözlərimlə bağlı davam edən fəsadlar hazırda döyüşməyə tibbi icazə almağıma imkan vermir. Bir neçə əməliyyat keçirmişəm, məşq zamanı bədbəxt hadisələr və infeksiyalarla üzləşmişəm, yarışlara qayıtmaq üçün mümkün olan hər şeyi etmişəm.

Əvvəllər döyüş tarixi ilə bağlı razılığa gəlmişdik və məşqlərdə sparrinqə başlamışdım. Özümü əla hiss edir, döyüşə hazırlaşırdım. Lakin məşq zamanı baş verən hadisə sağ gözümdə əlavə zədələnməyə səbəb oldu. Bu isə idmandan daha uzun müddət uzaq qalacağım deməkdir və hazırda nə vaxt qayıdacağım bəlli deyil”, – deyə Aspinall bildirib.

Qeyd edək ki, britaniyalı döyüşçü sonuncu dəfə ötən ilin oktyabrında Siril Qanla qarşılaşıb. Gözünə zərbə dəydikdən sonra görüş baş tutmamış elan edilib. Aspinall həmin vaxtdan etibarən hər iki gözündən bir neçə əməliyyat keçirib. O, tituludan imtina etmək qərarını ağır çəkidə divizionun inkişafını ləngitmək istəməməsi ilə əsaslandırıb.