BAKI, 15 sentyabr. TELEQRAF

“Türk dünyası dedikdə ortaq tariximizlə yoğrulmuş, köklü türk sivilizasiyamızdan, müştərək dil və mədəniyyət arealımızdan bəhs edirik".

Teleqraf xəbər verir ki, bunu Bakıda keçirilən "Türk Dünyası Dialoqları: Ortaq Gələcək, Ortaq Vizyon” panel seriyasının ikinci tədbirində Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran video-müraciətində deyib.

"Güclü irsimiz bizi bir-birimizə möhkəm bağlamaqla yanaşı, bu günümüzə istiqamət, ortaq gələcəyimizə isə üfüq açır. Türk dünyasının gələcəyi köklü irsimizdən aldığımız ilham və dövrümüzün tələblərinin yerinə yetirilməsi əsasında formalaşacaq. Bildiyiniz kimi, bu gün beynəlxalq sistem getdikcə dərinləşən böhranlar, artan geosiyasi rəqabət, kövrək təchizat zəncirləri, enerji və ərzaq təhlükəsizliyi problemləri, iqlim dəyişikliyi, nizamsız miqrasiya, kiber təhdidlər və dezinformasiya kimi çoxşaxəli çağırışlarla üz-üzədir.

Belə bir dövrdə türk dünyasının ortaq ağıl və güclü koordinasiya şəraitində hərəkət etməsi tarix qarşısında daşıdığımız məsuliyyətin və zamanın tələblərinin təbii nəticəsidir. Qarşılaşdığımız şərtlər aramızdakı həmrəyliyi daha möhkəm və təsirli zəmində gücləndirməyimizi zəruri edir.

Türk Dövlətləri Təşkilatı bu baxımdan açıq və aydın bir vizyonun daşıyıcısıdır", - deyə müraciətdə qeyd edilib.