BAKI, 29 dekabr. TELEQRAF

2025-ci ilin başa çatmasında sayılı günlər qalır. Başa çatmaqda olan ildə Azərbaycan Premyer Liqasında bir sıra maraqlı hadisələr yaşandı.

Teleqraf cari ildə qeydə alınan bir sıra maraqlı məqamları təqdim edir.

İlin transferləri

2025-ci ilin əvvəli ölkə futbolunda ən bahalı transer həyata keçirildi. “Qarabağ”ın hücumçusu Olavio Juninyo İspaniyanın məşhur “Sevilya” klubuna keçməyə yaxın olsa da, son anda vətəni Braziliyanın “Flamenqo” komandasına üz tutdu. Juninyo bu keçidlə Ağdam təmsilçisinə 5 milyon avro qazandırdı.

“Qarabağ” Juninyonun əvəzləyicisini nə yanvarda, nə də yay transfer pəncərəsində tapa bildi. Əvəzində cəmi 200 min avroya transfer edilən və əsas mövqeyi cinah yarımmüdafiəçi olan Kamilo Duran baş məşqçi Qurban Qurbanovun dadına yetdi. Kolumbiyalı oyunçu vacib matçlarda Ağdam təmsilçisinin əsas forvardı kimi çıxış etdi və özünə yad olan bu mövqedə əla performansı ilə yadda qaldı. Sözsüz ki, ödənilən məbləğ, gözləntilər və alınan qarşılıqlar müqayisə olunarsa, Duran, ilin transferi hesab oluna bilər.

Amma “Sabah”ın 19 yaşlı yeni cinah oyunçusu Aaron Maludanı da unutmaq olmaz. Əfsanəvi futbolçu Floren Maludanın oğlu “bayquşlar”a Fransanın “Lill” klubundan icarə əsasında keçib. “Qış çempionu”nun əsas üzvlərindən birinə çevrilən Aaron 11 oyunda 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

“Neftçi”yə transfer olunan Vensan Abubakar isə Duran və Maludanı sadəcə, ad-sanına görə qabaqlayıb, faydalı iş əmsalına görə isə onlardan geri qalıb.

İlin fiaskosu

Bu nominasiyanın “qalibi” birmənalı olaraq “Neftçi”dir. Struktur dəyişikliyi, hər il yenilənən heyət və göndərilib-qaytarılan baş məşqçilər “Neftçi”ni ildən-ilə əvvəlki əzəmətindən daha da uzaqlaşdırır. Samir Abasovla başlanılan yol və onun peşəkar kluba yaraşmayan tərzdə qovulması - bunların hamısı ölkə futbolunun “flaqman”ının ayağına yazılır. Klub ilin sonunda məşhur ukraynalı Yuri Vernidubu komandanın “sükanı arxası”na gətirərək mövsümü yüksək pillələrdə bitirməyi hədəfləyir. Amma hazırda 20 xal və 8-ci pillədə qərarlaşmaq, eyni zamanda qeyri-stabil çıxış azarkeşlərə heç də ümid vermir.

İlin ən uğurlu komandası

Söhbət Premyer Liqadan gedirsə, son illərdəki “Qarabağ”ın hegemonluğunu nəzərə alaraq bu kateqoriyanı iki hissəyə bölmək lazımdır - Ağdam klubu və başqaları. Qurban Qurbanovun komandasının alışdığımız ardıcıl çempionluqlar yolunda uzun illərdir “atlılar”a diş göstərən rəqib tapılmırdı. Bu mənada “Qarabağ”ın böyük xal fərqi ilə çempionluğu vaxtından əvvəl bayram etməsi alışdığımız situasiya idi. Amma bu il bir qədər fərqli mənzərə yaranıb. İlin ortasında “Qarabağ”ı Azərbaycan Kubokunun finalında məğlub edən “Sabah” indi çempionluq yarışında da onunla başabaş mübarizə aparır. Valdas Dambrauskasın komandası ilin son ayında da “Qarabağ”ı məğlub edərək turnir cədvəlinin vahid lideri oldu. Bu mənada “Sabah”ı Premyer Liqada ilin ən uğurlu komandası adlandıra bilərik.

İlin qeyri-peşəkarlığı

Bu mənada “Karvan-Yevlax” ilk “pillədədir”. Yevlax təmsilçisi baş məşqçisi Azər Həşimovla rəsmi qaydada yollarını ayırmamış komandanın “sükanı arxası”na Füzuli Məmmədovu gətirdi. Maraqlıdır ki, Füzuli Məmmədovun təyinatı hələ də rəsmiləşməyib. O, Peşəkar Futbol Liqasından edilən xahişlərlə komandanı meydana köməkçi məşqçi kimi çıxarır. Azər Həşimov isə öz növbəsində haqlı olaraq “Karvan-Yevlax”dan təzminat tələb etməkdə israrlıdır.

İlin qalmaqalı

Bu barədə redaksiya olaraq düşünəndə çətinlik çəksək də, son anda imdadımıza “Araz-Naxçıvan”ın prezidenti Ramin Axundov çatır. O, hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən axtarışa verilib. Eyni zamanda “RR Caspi” şirkətinin rəhbəri olan R.Axundov qaçaqmalçılıqda ittiham olunur. O, istintaqdan yayınmaq məqsədilə ölkə ərazisini tərk edib. O, 5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunur.

İlin etirazı

Bu mənada ilin son matçında “Qəbələ” ilə keçirilən qarşılaşmadan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun açıqlamasına xüsusi diqqət yetirməkdə fayda var. Hər zaman sakit tərzi ilə diqqət çəkən təcrübəli mütəxəssis bəzi şeylərdən yorulmuş, futbolçularına edilən təkliflər zamanı qeyri-peşəkar davranan menecerlərə, klub rəsmilərinə səslənmişdi:

“Bura “Qarabağ”dır, uşaq bağçası deyil. Bizə gələn təkliflər ciddi olmalıdır. Futbolda küçə danışığı olmamalıdır. Futbolçuların da başı gedir. Onlara yaxşı təklif edirlər, amma kluba az məbləğ təklif olunur. Pul bunların gözünü örtüb. O qədər lazımsız zənglər gəlir ki, düşünürsən, doğrudanmı bu zənglər klublardan gəlir? Mənim üçün heyəti saxlamaq böyük problemə çevrilib. Demək olar ki, futbolçuların 90 faizinə təklif var”.

İlin sürpriz debütantı

Cari mövsümün debütantları “Karvan-Yevlax” və “İmişli” klubları uğursuz idarəetmədə bir-birinə bənzəyən komandalar olsa da, nəticələri tamamilə fərqlidir. Yevlaxlılarda baş məşqçi dəyişiklikləri, 16 tura cəmi 2 qələbə və 6 xalla sonuncu pillə nəticəsi varsa, İmişli təmsilçisi mövsümə gözlənilmədən yaxşı başlayıb. Mövsümün əvvəlində portuqaliyalı Jorj Koşkilyanın təyinatı ictimaiyyət tərəfindən birmənalı qarşılanmasa da, komanda hazırda 17 xalla 9-cu sırada qərarlaşıb. “Sumqayıt”ı IV turda 1:0 hesabı ilə məğlub etsələr də, protokolda adı olmayan (İbrahim Əliyev - red.) oyunçunun meydana daxil olmasına görə “pələnglər” texniki məğlubiyyət alıb. Əgər bu qələbə də sayılsa idi, stadionu olmayan (Ev oyunları Quba OİK-də keçirilir - red.) komanda ölkənin ən çox büdcəsinə sahib olan “Neftçi” ilə eyni - 20 xala malik idi.

İlin qərarları

Premyer Liqada legioner limitini ləğvini bu mənada ilin qərarlarından biri hesab etmək olar. İllərdir bu mövzu ətrafında müzakirələr aparılsa da, yalnız 2025-ci ildə rəsmi qərar açıqlandı. Bu qərarı doğru hesab edənlər də oldu, yanlış kimi təqdim edənlər də.

Digər bir qərar isə Premyer Liqada komanda sayının 12-yə yüksəldilməsidir. Amma bu qərar ölkə futbolunun keyfiyyətinə müsbət təsir etmədi. “Karvan-Yevlax” Şamaxıda, “İmişli” Qubada çıxış etməklə təmsil olunduqları şəhərlərdən uzaq düşdülər. “Karvan-Yevlax” yalnız ilin sonuna doğru Yevlaxa geri qayıda bildi.

İlin gözlənilməz ayrılıqları

Son günlərdə “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyevin komandadan sürpriz şəkildə göndərilməsi nəinki futbol ictimaiyyəti, çalışdırıcının özü üçün də gözlənilməz oldu. Naxçıvan təmsilçisini tarixində ilk dəfə avrokuboklara daşıyan, hətta mərhələ adlayan, cari mövsümdə də iddiaçılar sırasında yer alan baş məşqçiyə deyilən söz sadəcə, bu olub: “Sizinlə çalışmaq istəmirik”.

İlin təyinatı

Bu mənada “Sabah”ın baş məşqçisi Valdas Dambrauskası qeyd etmək olar.

Litvalı mütəxəssis Masazır təmsilçisinə yeni mövsümün başlanğıcına 1 aydan az müddət qalmış təyin olundu. Komanda ilk olaraq UEFA Avropa Liqasında Sloveniya “Selye”sinə iki oyunun cəmində uduzdu (2:3, 3:3), daha sonra Konfrans Liqasında Moldova “Petrokub”u üzərində inamlı qələbə qazandı - 2:0, 4:1.

“Sabah”ın avrokubok məcarası Bolqarıstanın köklü “Levski” klubu ilə oyunlarda yekunlaşdı. Dambrauskasın rəhbərlik etdiyi kollektiv ümumi hesabda 0:3 məğlub oldu.

Premyer Liqanın III turunda debütant “İmişli”yə uduzan “bayquşlar” sonraki 13 oyunda məğlubiyyətsizlik seriyasını müəyyənləşdirdi.