BAKI, 18 noyabr. TELEQRAF
Livanın Kavaşra kəndində fəaliyyət göstərən “Azərbaycan Evi”ndə 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə tədbir keçirilib.
Bu barədə Teleqraf-a Disporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Tədbirdə Livan parlamentinin deputatı, Kavaşra bələdiyyəsinin sədri Məhəmməd Abdullah, qonşu bələdiyyələrin sədrləri, Livan - Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri iştirak ediblər.
İştirakçılar əvvəlcə Livanda yerləşən Azərbaycan şəhidlərinin xatirə abidəsi önünə əklil qoyub, onların əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Çıxışlar zamanı Zəfər Gününün tarixi və milli əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən, şəhidlərimizin qəhrəmanlığından və fədakarlığından bəhs ediblər.
Tədbir çərçivəsində Zəfər Gününün tarixi hadisələri haqqında sənədli filmlər nümayiş olunub.