XOCAVƏND, 18 noyabr. TELEQRAF

Alban-Udi Xristian Dini İcmasının nümayəndələri təxminən 200 ilə yaxın müddətdə Amaras monastırını ziyarət edə bilməyiblər.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bunu Alban-Udi Xristian Dini İcmasının sədr müavini Rafiq Danakari monastırın ziyarəti zamanı jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, ulu babaları Alban-Udi dini irsini qorumaq və erməni Qriqoryan kilsəsinə tabe olmamaq məqsədilə monastırı bağlı saxlayıblar.

R.Danakari bildirib ki, bu gün icma nümayəndələrinin doğma Udi dilində Amaras monastırında dualar oxuması xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, artıq altıncı ildir ki, azad edilmiş ərazilərdəki müqəddəs məkanları ziyarət edir, şamlar yandırır və dualar oxuyurlar.

İcma rəsmisi Azərbaycan torpağında bir daha müharibə olmaması, sülhün və əmin-amanlığın qorunması üçün dua etdiklərini vurğulayıb.