BAKI, 18 noyabr. TELEQRAF
“Ermənistan Avrasiya İtqisadi Birliyini (AİB) Avropa İttifaqı (Aİ) ilə əvəzləmək niyyətində deyil”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
O iddia edib ki, əsas məqsədi ölkənin ixrac həcmini həm AİB, həm Aİ, həm də Yaxın Şərq bazarlarında artırmaqdır.
“Qarşıya məqsəd qoymuşam ki, gələn il Aİ-yə, AİB-ə, Yaxın Şərq ölkələrinə və Çinə ixracımız daha çox olsun. Yəni biz heç vaxt bu istiqamətlər arasında ziddiyyət görməmişik. Kim deyib ki, AİB-i Aİ ilə əvəz etmək istəyirik? Biz həm Aİ-də, həm də AİB-də daha çox satış etmək istəyirik. Bu, əlbəttə, mümkündür”.
Papoyanın sözlərinə görə, cari ildə Ermənistanın Avropa İttifaqına ixracı əhəmiyyətli dərəcədə artıb, AİB istiqamətində isə bəzi məhsullar üzrə azalma müşahidə olunsa da, digərləri üzrə belə hal qeydə alınmayıb: “İstənilən halda, AİB təkcə Rusiya bazarından ibarət deyil, bu ittifaqa Qazaxıstan da daxildir”.
Nazir əlavə edib ki, bəzi hallarda AİB çərçivəsində tranzitlə bağlı problemlər yaranır: “Ermənistanın qarşıya qoyduğu məqsəd 2027-ci ildə yerli mənşəli məhsulların Aİ, ABŞ, AİB, Yaxın Şərq ölkələri və Çinə ixracını artırmaqdır. Harada buna nail olacağımızı, harada isə mümkün olmayacağını zaman göstərəcək. Amma bilavasitə qonşularımızdan tutmuş dünyanın ən uzaq ölkələrinə qədər ixracı artırmağı hədəfləmədiyimiz heç bir iqtisadi zona yoxdur”.