SUMQAYIT, 5 dekabr. TELEQRAF
"Sumqayıt"ın futbolçusu Aleksa Yankoviç komandasının avrokuboklara vəsiqə qazanacağına inanır.
Bu barədə serbiyalı yarımmüdafiəçi Teleqraf-a açıqlamasında deyib.
"Difai" üzərində çox vacib qələbə qazandıq. Azərbaycan Kubokunda çempion ola biləcək komandaya sahibik. Oyundan-oyuna, addım-addım irəliləməliyik. "Sumqayıt" Premyer Liqada ilk "üçlüy"ü tuta bilər. Buna inanıram. İnanıram ki, bu komanda ilə növbəti mövsüm avrokuboklarda çıxış edəcəyəm," – deyə 25 yaşlı oyunçu bildirib.
Qeyd edək ki, "Sumqayıt" "Difai"ni 3:1 hesabı ilə məğlub edərək Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinə yüksəlib. "Kimyaçılar" bu raundda "Zirə" ilə qarşılaşacaq. Saşa İliçin rəhbərlik etdiyi kollektiv Azərbaycan Premyer Liqasında isə 13 turdan sonra 23 xalla 5-ci pillədə qərarlaşıb.
Aleksa Yankoviç cari mövsümün əvvəlindən Sumqayıt təmsilçisinin şərəfini qoruyur. O, meydana çıxdığı 14 oyunda 4 qol və 3 məhsuldar ötürmə müəllifi olub.