BAKI, 3 dekabr. TELEQRAF
“Bizon Azərbaycan Kuboku”nda 1/4 finala vəsiqə qazanan növbəti komanda müəyyənləşib.
Teleqraf xəbər verir ki, Premyer Liqa təmsilçiləri “İmişli” və “Sabah” arasında keçirilən qarşılaşmada qonaqlar 1:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.
Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan matçın əsas vaxtında qalib müəyyənləşməyib. Baş hakim Kamal Umudlunun idarə etdiyi oyunun 59-cu dəqiqəsində Coy Lens Mikels hesabı açıb. 20 dəqiqə sonra meydan sahiblərinin üzvü İbrahim Əliyev hesabı bərabərləşdirib. Görüşün 96-cı dəqiqəsində Kahim Parris “bayquşlar”ın növbəti mərhələyə vəsiqə qazanmasına səbəb olan qolu vurub.
Qeyd edək ki, günün digər oyununda “Şamaxı” doğma meydanda “Bakı Sportinq”i 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. Daha əvvəl isə “Turan Tovuz” “Şahdağ Qusar”ı (2:1), “Zirə” isə əlavə vaxtda “Neftçi”ni (1:0) məğlub edərək 1/4 finala vəsiqə qazanmışdı.