BAKI, 30 avqust. TELEQRAF

Ukrayna yığmasının gənc futbolçusu Georgi Sudakov Portuqaliyanın “Benfika”a klubuna transfer olunmaq üzrədir.

Teleqraf "A Bola" nəşrinə istinadən xəbər verir ki, "Şaxtyor"un 22 yaşlı yarımmüdafiəçisi hazırda Portuqaliyadadır. Onun tezliklə Lissabon klubu ilə rəsmi müqavilə bağlayacağı gözlənilir.

Xəbərdə bildirilir ki, Sudakov “Benfika”nın idman direktoru Ruy Pedru Brazanın müşayiəti ilə hava limanına gəlib. Futbolçu mətbuata heç bir açıqlama verməyib.

Məlumata görə, “Benfika” və “Şaxtyor” arasında razılıq əldə olunub. Lissabon klubunun ukraynalı yarımmüdafiəçinin keçidi üçün 27 milyon avro ödəyəcəyi də bildirilir.

Qeyd edək ki, Sudakov 2024/2025 mövsümündə “Şaxtyor”un heyətində 37 oyunda 15 qol vurub və 6 məhsuldar ötürmə edib.