BAKI, 24 aprel. TELEQRAF

ABŞ İranla müharibə zamanı 1000-dən çox “Tomahawk” uzaqmənzilli raketindən istifadə edib.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) amerikalı rəsmi mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Vaşinqton həmçinin THAAD və “Patriot” hava hücumundan müdafiə sistemləri də daxil olmaqla 1500–2000 arası kritik əhəmiyyətli tutucu raket sərf edib.

Qəzet qeyd edir ki, istifadə olunan silah ehtiyatlarının tam bərpası altı ilə qədər vaxt apara bilər. Bu isə ABŞ administrasiyasında gələcək mümkün böhranlara hazırlıq planlarının yenidən nəzərdən keçirilməsi ilə bağlı müzakirələrə səbəb olub.

WSJ yazır ki, sursatların bu qədər sürətlə tükənməsi bəzi amerikalı rəsmilərdə ABŞ-ın yaxın perspektivdə Tayvanın müdafiəsi ilə bağlı planlarını tam şəkildə yerinə yetirə bilmə qabiliyyətinə dair narahatlıq yaradıb.

Bununla yanaşı, rəsmi şəxslər Çinə qarşı yaxın zamanda hər hansı münaqişə riskinin olmadığını vurğulayır. Bildirilir ki, Çin Xalq Respublikasının sədri Si Cinpin gələn ay Pekində ABŞ Prezidenti Donald Tramp ilə sammitə hazırlaşır.