BAKI, 24 aprel. TELEQRAF
Livanın şiə hərəkatı olan “Hizbullah” İsrailin şimalındakı Ştula yaşayış məntəqəsinə raket zərbəsi endirdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə hərəkatın yaydığı bəyanatda məlumat verilib. Bildirilib ki, hücum İsrailin atəşkəs rejimini pozmasına cavab olaraq həyata keçirilib.
“İsrailin atəşkəsi pozması və ölkənin cənubundakı Yater yaşayış məntəqəsini atəşə tutmasına cavab olaraq müqavimət qüvvələri Ştula qəsəbəsini raketlərlə vurub”, - deyə açıqlamada vurğulanıb.
Bununla yanaşı, hərəkat tərəfdarlarının Livanın cənubundakı Bint-Cubeyl şəhərində İsrail hərbçilərinin mövqelərinə artilleriya zərbələri endirdiyi də qeyd olunub.
Xatırladaq ki, aprelin 17-də Livan və İsrail arasında 10 günlük atəşkəs qüvvəyə minib. Razılaşma Livan Prezidenti Jozef Aun və İsrailin Baş naziri Binyamin Netanyahu arasında ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunub.