BAKI, 22 aprel. TELEQRAF

“İlk hissədən sonra Rəvan Həmzəzadəyə yaxınlaşıb dedim ki, bu, həm sənə, həm də hakimliyə yaraşmayan qırmızı vərəqə idi. Çox ağır qərar idi. Yenə də Rəhim Həsənovun açıqlamasını gözləyirik. Bilmirəm, “sarı” var idimi, amma “qırmızı” yox idi. Mən futbolçu və məşqçi kimi penalti gördüm. Amma belə məqamlar olur”.

Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis Azərbaycan Kubokunun yarımfinalının cavab oyununda “Sabah”a 1:2 hesabı ilə məğlub olduqları oyunla bağlı danışarkən deyib.

"Penalti epizodu ilə bağlı fikir bildirməyim fərqli alınar. Yaxından görünmürdü. Amma Rəhim müəllim açıqlama verəcək. Bugünkü oyunun tempini qaldıran Rəvan Həmzəzadə idi. Onun idarə etdiyi oyunlarda çox nadirən top dayanır. Çünki hər dəfə oyunu dayandıraraq tempi salmır.​ Belə epizodlar çox olur. VAR-a çağrılmaq o deməkdir ki, 90 faiz fikrini dəyişməlisən. Adətən belə olur. Yəqin açıqlama veriləcək.
Epizodun son dəqiqədə olması mübahisəyə səbəb ola bilir. Mən tərəfindən belə məqamlarda fikir bildirəndə fərqli anlaşırılır. Burada Nəriman Axundzadəni nümunə gətirəcəm. Avropa Liqasında bir səhv etdi, sonra necə vacib qol vurdu. Düzdür, axır vaxtlar yazığı çox tənqid etdilər. Hakimlərə də bu, aiddir. Komandanı, məşqçini böyüdən ağır məğlubiyyətlərdir. Hakim komandanın əziyyətini bu gün yerə vurur, sabah vurmaz.

Hakimlərin durumuna pis çıxmasın, yazığım gəlir. Çox vaxt meydana çıxanda onlarda da həyacan olur. Məncə, sakit formada mövsümü başa vurmalıyıq. Bugünkü oyundakı məsuliyyəti, həyacanı Çempionlar Liqasındakı son oyunumuzdan sonra ilk dəfədir görürdüm. Bunu çox axtarırdım. Hakimlər də sakit formada ili başa vursalar, daha yaxşıdır. Hamısı bizim həmvətənlilərimizdir. Mütəxəssis kimi görürəm ki, səhvlər həddindən artıq çoxdur. Bilmirəm ki, bunu necə aradan qaldırmaq olar.

Bizim hakimlərimiz var, potensialı çox yuxarıdır. Bəzən üzülürəm ki, potensiallı hakimlər belə səhv edielər. Bu il, sanki, hakimlər üçün kabus ildir. Bundan əvvəl də hakimlərin səhvini görürdük. Sadəcə o qədər qərarlar qoyublar ki, oxşar epizodların birində belə, digərində fərqli qərar verirlər. Sanki başlarını itiriblər. Biz yenə də hər şeyə pozitiv yanaşaq.

Mövsümü uzun müddət sonra ilk dəfədir titulsuz başa vururuq. Dünya futbolunda belə hallar olur. “Qarabağ”a gələndən bir il avrokuboklara getmədik. 2021-ci ildə də titulsuz mövsümü bitirmişik. Belə halla ola bilir. Çempionlar Liqası bizi çox yordu. Suyumuz çıxdı. Avropanın böyük komandalarına baxsaq çoxunda bu, yaşanır. “Liverpul” kimi komanda bir nəfəsə çempion oldu. Bu il isə çox çətin mövsüm keçirirlər. Qitəmiqyaslı turnirdə bir addım irəli gedirsənsə, belə şeylər qaçılmazdır.

Bu il çempionata tam yaxşı hazırlaşa bilməmişdik, fikrimizi tam olaraq ÇL-ə yönəltmişdik. İstənilən halda bir komandanın çempionluq yarışı 3-4 ildir.
“Sabah”, “Neftçi” kimi komandalar illərdir buralara hazırlaşır. Baş məşqçi olaraq mənim narahatlığım yoxdur. O demək deyil ki, biz ruhdan düşdük, bacarmıyacağıq. Camaat da belə turnirlərə hazırlaşır, boş durmur. Sadəcə intriqa böyüyür, sevinirəm. Bəli, “Qarabağ”a rəqibdir. Lakin biz bir sistemlə böyüyə bilmərik. Belə məğlubiyyətlər alacağıq, sevindiyimiz, hətta üzüldüyümüz hallar olacaq. Amma bu, futboldur. Rəqibi təbrik edirəm. Azarkeşlərimiz üzüldü. Amma belə hallar ailəni möhkəmləndirir və daha məsuliyyətli edir.

Koxalskiyə təkliflər qışda çox idi. Hazırda real təklif yoxdur. Mövsümün sonunda bununla bağlı danışacağıq".