BAKI, 23 aprel. TELEQRAF
İspaniyanın "Atletiko Madrid" klubunda ciddi heyət dəyişiklikləri gözlənilir.
Teleqraf “Marca” nəşrinə istinadla xəbər verir ki, hücumçu Antuan Qrizman cari mövsümün sonunda Madrid təmsilçisini tərk edəcək. Məlumata görə, fransalı futbolçu artıq ABŞ-ın "Orlando Siti" klubu ilə müqavilə imzalayıb.
“Atletiko” rəhbərliyi artıq Qrizmanın əvəzləyicisini də müəyyənləşdirib. Madrid klubu "Borussiya Dortmund"un futbolçusu Julian Brandtin transferini başa çatdırmaq niyyətindədir.
Bildirilir ki, alman futbolçu yayda "Borussiya"dan azad agent kimi ayrılacaq və bu səbəbdən transfer pulsuz baş tuta bilər.
Qeyd edək ki, Brandt 2019-cu ildə "Bayer Leverkuzen" klubundan 25 milyon avro qarşılığında Dortmund təmsilçisinə transfer olunmuşdu. O, cari mövsümdə bütün turnirlərdə 37 oyunda meydana çıxaraq 11 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.