BAKI, 24 aprel. TELEQRAF

Bu gün Ağdam şəhərinə köç edən ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

Teleqraf xəbər verir ki, bu mərhələdə şəhərə 110 ailə olmaqla, 397 nəfər Ağdam sakini doğma yurduna qovuşub.

Açarların təqdimat mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***

06:22

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb.

Teleqraf verir ki, bu mərhələdə 397 nəfərdən ibarət 110 ailə doğma yurda köçürülüb.

Köçürülənlər arasında Bakı şəhərindən 84 ailə (299 nəfər), Ağcabədidən 6 ailə (25 nəfər), Bərdədən 5 ailə (20 nəfər), Mingəçevirdən 3 ailə (14 nəfər), Ağdam rayonundan 4 ailə (11 nəfər), Yevlaxdan 3 ailə (9 nəfər), Ağdaşdan 2 ailə (8 nəfər), Sumqayıtdan 1 ailə (5 nəfər), Abşerondan 1 ailə (4 nəfər) və İsmayıllıdan 1 ailə (2 nəfər) yer alıb.

Bununla da Ağdam şəhərinə ümumilikdə köçürülənlərin sayı 2 411 nəfərə çatıb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.