BAKI, 24 aprel. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın uzunmüddətli perspektivdə Avropanın təhlükəsizliyini təmin etməkdən imtina edə biləcəyini bildirib.
Teleqraf xəbər verir ki, Makron bu fikirləri Nikosiyada fransız-kipr məktəbinin şagirdləri ilə görüşü zamanı səsləndirib.
“Avropa üçün əsas çağırış daha güclü və müstəqil olmaqdır. Çünki ABŞ artıq bizi uzunmüddətli perspektivdə müdafiə etməyəcək”, - deyə Fransa lideri vurğulayıb.
Onun sözlərinə görə, bu tendensiya Qrenlandiya ilə bağlı müzakirələrdə, İran ətrafındakı vəziyyətdə və ABŞ-Ukrayna münasibətlərində də özünü göstərir.
Makron qeyd edib ki, ABŞ Avropanın müttəfiqi olaraq qalır, lakin qitənin təhlükəsizliyinin daim Vaşinqton tərəfindən təmin ediləcəyi düşüncəsi artıq aktuallığını itirir.
Fransa prezidenti bununla əlaqədar “Avropa suverenliyinin gücləndirilməsi”nin vacibliyini bir daha önə çəkib.