BAKI, 23 aprel. TELEQRAF
“Nə deyə bilərəm… Penaltiyə gəlincə, hamı hər şeyi gördü. Bu barədə heç nə demək istəmirəm”.
Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Fabian Buntiç deyib.
29 yaşlı qolkiper Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündə “Sabah”a 1:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlama verib.
Buntiç məğlubiyyəti belə şərh edib: “Qarşılaşmanın əvvəlində həmişəki kimi açıq oynadıq. Həmin anda yaxşı bir temp tutmuşduq və düşünürəm ki, çox yaxşı mübarizə apardıq, ikinci hissəni də yaxşı keçirdik. Qırmızı vərəqədən sonra isə oyun bir qədər dəyişdi, çünki təbii ki, bir nəfər az qaldıq. Bir nəfər az olsaq da, hesabda önə çıxdıq və məncə, pis müdafiə olunmadıq. Təbii ki, ilk qol uğursuz oldu… Bunu izah etmək olmur, bəzi epizodlarda sadəcə bəxt gətirmir”.
Qarşılaşmanın 37-ci dəqiqəsində Mateuş Koxalski qırmızı vərəqə aldıqdan sonra meydana daxil olan qolkiper bu məqamlara əvvəldən hazır olduğunu qeyd edib: “Bunun nə vaxt baş verəcəyini bilmirsən. Bəlkə heç vaxt, bəlkə bir gün. Həmişə hazır olmalısan. Qapıçı üçün oyuna daxil olmaq hər zaman bir qədər gözlənilməz olur, amma ümumilikdə daim hazır olmaq lazımdır”.
Buntiç qarşılaşmanın sonunda onların lehinə verilməyən penalti barədə suala isə belə reaksiya verib: “Gördüyünüz kimi… mən nəsə deməyə ehtiyac duymuram. Bu barədə heç nə demirəm”.