BAKI, 23 aprel. TELEQRAF
UEFA "Şaxtyor"un baş məşqçisi Arda Turan və komandasını cəzalandırıb.
Teleqraf xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, türkiyəli məşqçi və komandası Konfrans Liqasının 1/4 final oyununun "Az Alkmaar" ilə ilk matçında (3:0) UEFA protokolunu pozduqlarına görə cərimələniblər.
Həmin matçda "Şaxtyor"un oyunçusu İsak 5-ci dəqiqədə başından zədə alsa da, tibbi yardım aldıqdan sonra oyuna davam edib, 24-cü dəqiqədə əvəzlənib.
Bu səbəblə 39 yaşlı mütəxəssis 20 000 avro, Donetsk təmsilçisi isə 10 000 avro ziyana düşüb.
Bundan başqa, "Şaxtyor" "idman tədbirləri üçün uyğun olmayan mesajlar göndərdiyinə" görə 20 000 avro cərimə alıb.
Qeyd edək ki, UEFA qaydalarına əsasən, beyin silkələnməsi şübhəsi olan hər hansı bir vəziyyətdə oyunçu dərhal matçdan kənarlaşdırılmalıdır.