BAKI, 23 iyul. TELEQRAF
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”la İrlandiyada keçirəcəyi ilk oyundan əvvəl “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov media önünə çıxıb.
Teleqraf xəbər verir ki, təcrübəli mütəxəssis matç barədə fikirlərini bildirib.
O, çox yaxşı komandaya qarşı oynayacaqlarını bildirib: “Şelburn” haqqında ancaq xoş sözlər demək olar. Onların çıxışını canlı izlədim. Özünə xas oyun üslubu və bunu düzgün yerinə yetirən futbolçuları var. Çox intizamlı və fiziki cəhətdən güclüdürlər. Oyun praktikası baxımından bizdən hazırlıqlıdırlar. Çünki həm çempionatları davam edir, həm də Çempionlar Liqasının təsnifat mərhələsində iki görüş keçiriblər. Rəqib çox istəkli görünür. Standart vəziyyətlərdə təhlükəlidirlər. Bacarığını tam üzə çıxaran və bir-birini tamamlayan kollektivə sahibdirlər. Bütün bu amillərə görə, sabahkı matçda maksimum dərəcədə səhvsiz çıxış etməyə çalışacağıq”.
Baş məşqçi komandanın avrokuboklarda böyük təcrübəyə malik olmasının və hər il qrup mərhələsinə qədər irəliləməsinin səbəbi barədə də danışıb: “Klub olaraq öz işimizə məsuliyyətli yanaşırıq. Rəhbərlik səviyyəsində elə iş qurulub ki, qazanılan uğur hər il ən azı təkrarlanmalıdır. Həmişə istəkli kollektivimizin olmasına çalışmışıq. Bəzi dəyişikliklərə baxmayaraq, bunu qoruyub saxlaya bilmişik. Əlbəttə, problemlər olur, bəzən istədiyimiz nəticəni əldə edə bilmirik. Amma 11 il qrup mərhələlərində oynamağı böyük uğur hesab edirik”.
Qeyd edək ki, iyulun 23-də Dublin şəhərindəki "Tolka Park" stadionunda keçiriləcək "Şelburn" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.