BAKI, 25 aprel. TELEQRAF

ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkilən xərclər 61 milyard dolları ötüb.

Teleqraf xəbər verir ki, bu barədə "Iran War Cost Tracker" məlumat yayıb. Bildirilib ki, xərclər real vaxt rejimində hesablanır və davamlı yenilənir.

Məlumata görə, əməliyyatın 55-ci günündə ABŞ büdcəsindən saniyədə 11,5 min dollardan çox vəsait xərclənir. Bu məbləğə bölgəyə göndərilmiş hərbi gəmilərin şəxsi heyətinin saxlanması və digər əlaqəli xərclər daxildir.

Qeyd olunub ki, hesablamalar ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Konqresə təqdim etdiyi hesabat əsasında aparılır. Həmin sənədə görə, əməliyyatın ilk altı günü 11,3 milyard dollara başa gəlib, sonrakı mərhələdə isə gündəlik xərclər təxminən 1 milyard dollar təşkil edir.

Xatırladaq ki, daha əvvəl "The Washington Post" nəşri ABŞ-nin İranla münaqişənin ilk iki günündə yalnız sursat üçün 5,6 milyard dollar xərclədiyini yazmışdı.