BAKI, 25 aprel. TELEQRAF
İranın xarici işlər naziri Abbas Əraqçinin Pakistana səfəri çərçivəsində ABŞ nümayəndələri ilə görüş keçirilməsi nəzərdə tutulmur.
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
Onun sözlərinə görə, İranın mövqeyi Pakistan tərəfinə çatdırılacaq və səfər çərçivəsində yalnız İslamabadın yüksək vəzifəli nümayəndələri ilə görüşlər keçiriləcək. Bəqai qeyd edib ki, bu təmaslar Yaxın Şərqdə münaqişənin dayandırılması istiqamətində Pakistanın vasitəçilik səyləri çərçivəsində baş tutur.
Bundan əvvəl Axiosnın jurnalisti Barak Ravid mənbələrə istinadən ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa danışıqların aprelin 27-də İslamabadda keçiriləcəyini iddia etmişdi.
Ağ Evin mətbuat katibi Kerolayn Levitt isə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı Cared Kuşnerin aprelin 25-də İslamabada səfər edərək İran tərəfinin mövqeyini dinləyəcəyini açıqlayıb.