AĞCABƏDİ, 25 aprel. TELEQRAF
24.04.2026-cı il tarixində saat 16:00 radələrində Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Teleqraf xəbər verir ki, TƏBİB məlumat yayıb.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.
2013-cu il təvəllüdlü şəxsin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.
Digər 2 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
***
08:21
Ağcabədidə baş verən qəza zamanı 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza hadisəsi laçınlıların kompakt yaşadığı Qayğı qəsəbəsində baş verib.
Laçın rayon sakini Quliyev Bakir Möhbalı oğlunun idarə etdiyi 41 BE 893 dövlət nömrəli avtomobil Yevlax rayon sakini Bədəlov Azər Pənah oğluna məxsus “KamAz” markalı yük avtomobili ilə toqquşub.
Nəticədə “VAZ”ın sürücüsü B.Quliyev hadisə yerində ölüb.
Maşında olan digər sərnişinlər 1980-ci il təvəllüdlü Həsənov Habil Əli oğlu, 2008-ci il təvəllüdlü Həsənov Polad Habil oğlu, 2013-cü il təvəllüdlü Həsənov Murad Habil oğlu və 2014-cü il təvəllüdlü Həsənov Razi Surxay oğlu müxtəlif dərəcəli xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qəza zamanı ölən “VAZ” markalı avtomobilin sürücüsü Bakir Quliyev baytar olub.
“KamAz” markalı avtomobilin sürücüsü isə Ağcabədi rayonunda baş vermiş Kür çayında uçan bəndin bərpası üçün Yevlax rayonundan ezam olunan sürücülərdən biri olub.
Faktla bağlı araşdırma aparılır.
