BAKI, 25 aprel. TELEQRAF

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Epaminondas” adlı gəmini ABŞ ordusu tərəfindən istifadə edildiyi iddiası ilə ələ keçirib.

Teleqraf "Tasnim" agentliyinə istinadən xəbər verir ki, Liberiya bayrağı altında üzən gəmi son altı ay ərzində bir neçə dəfə ABŞ limanlarına daxil olub və “çoxsaylı dəniz pozuntularına” görə saxlanılıb.

Məlumata görə, gəminin yerləşməsi ilə bağlı məlumatlar son iki gündən artıqdır yenilənmir. O, sonuncu dəfə Oman körfəzində, İranın Kuhestək şəhərinin qərbində müşahidə olunub.

Bundan əvvəl "Kathimerini" qəzeti yazıb ki, Danimarkanın Maersk şirkəti tərəfindən idarə olunan və yunan gəmi sahibi Corc Yurukosa məxsus Technomar qrupu tərəfindən icarəyə götürülən konteyner gəmisi İran sularına yaxın ərazidə hərəkət edərkən atəşə məruz qalıb.

Bildirilir ki, gəmidə 21 nəfərdən ibarət heyət var və onların hamısı Ukrayna və Filippin vətəndaşlarıdır. Yunanıstanın Dənizçilik və Ada Siyasəti Nazirliyi isə gəminin ələ keçirilmədiyini, İran sahilləri yaxınlığında hərəkətsiz vəziyyətdə dayandığını və kapitanın nəzarətində olduğunu açıqlayıb.

SEPAH Hərbi Dəniz Qüvvələri isə dəniz təhlükəsizliyinə təhdid yaradan, müvafiq icazələri olmayan və naviqasiya sistemlərinə müdaxilə edən iki gəminin saxlanıldığını, onlardan birinin də “Epaminondas” olduğunu bəyan edib.