BAKI, 24 aprel. TELEQRAF
Teleqraf AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov tərəfindən aparılan qiymətləndirmələr əsasında mübahisəli epizodlar və həmin epizodlarda qəbul edilən qərarlarla bağlı siyahı hazırlayıb.
Siyahıya əsasən, ən çox mübahisəli epizodun iştirakçısı Elçin Məsiyevdir.
FIFA referisi son 15 turda idarə etdiyi matçlarda 16 mübahisəli epizodla yadda qalıb. Rəhim Həsənov həmin epizodlardan 5-də Məsiyevin yanlış qərar verdiyini bildirib.
Digər hakimlərin göstəriciləri aşağıdakı kimidir:
Tural Qurbanov – 15 mübahisəli epizodda 3 yanlış qərar
Kamal Umudlu – 14 mübahisəli epizodda 3 yanlış qərar
İnqilab Məmmədov – 12 mübahisəli epizodda 1 yanlış qərar
Əli Əliyev – 12 mübahisəli epizodda 1 yanlış qərar
Rəşad Əhmədov – 11 mübahisəli epizodda 1 yanlış qərar
Rauf Cabarov – 10 mübahisəli epizodda 1 yanlış qərar
Əliyar Ağayev – 8 mübahisəli epizodda 2 yanlış qərar.
Maraqlıdır ki, siyahıda Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçı çərçivəsində keçirilən “Sabah” – “Qarabağ” matçında qalmaqallı qərarları ilə yadda qalan Rəvan Həmzəzadə yoxdur. Rəhim Həsənov matçlardakı hakim qərarlarını şərh etməyə başladığı müddətdən bu yana Rəvan Həmzəzadənin 5 oyunda mübahisəli epizodunu şərh edib və bunların hamısında Rəvan Həmzəzadənin doğru qərar verdiyi qənaətinə gəlib.
Digər maraqlı fakt ondan ibarətdir ki, bu 5 qarşılaşmanın 4-ü “Sabah”ın oyunlarına təsadüf edib.
Qeyd edək ki, statistika son 15 tur və kubok oyunlarını əhatə edir.