BAKI, 25 aprel. TELEQRAF
Argentina hökuməti Folklend (Malvin) adaları üzərində suverenlik hüququnu bir daha təsdiqləyərək Böyük Britaniyanı danışıqları bərpa etməyə çağırıb.
Teleqraf xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Pablo Kirno bildirib.
Nazir qeyd edib ki, Buenos-Ayres Londonla ikitərəfli dialoqu yenidən başlatmağa hazırdır və bu, suverenlik mübahisəsinin sülh yolu ilə yekun həllinə imkan verə bilər.
“Argentina Respublikası Böyük Britaniya ilə danışıqları bərpa etməyə hazır olduğunu bir daha bəyan edir. Bu, mübahisənin sülh yolu ilə və qəti həllinə, eləcə də mövcud kolonial vəziyyətin aradan qaldırılmasına şərait yaradacaq”, - deyə o bildirib.
Eyni zamanda, Böyük Britaniyanın Baş nazirinin ofisinin nümayəndəsi rəsmi Londonun adaların statusunu müzakirə etmək niyyətində olmadığını vurğulayıb və bu əraziləri özününkü hesab etdiyini təsdiqləyib.
Qeyd edək ki, Cənub-qərbi Atlantik okeanında yerləşən Folklend (Malvin) adaları uzun illərdir Argentina ilə Böyük Britaniya arasında mübahisə mövzusudur. 1982-ci ildə tərəflər arasında hərbi münaqişə baş verib və nəticədə Argentina məğlub olub. 2013-cü ildə keçirilən referendumda adaların əksər sakinləri Böyük Britaniyanın tərkibində qalmağa səs versə də, Argentina bu nəticələri tanımayıb.