BAKI. 22 iyul. TELEQRAF
“Avrokubok mövsümü başlayır. Artıq rəqabət aparmağa hazırıq".
Teleqraf xəbər verir ki, bunu Xorvatiya "Hayduk"unun baş məşqçisi Qonsalo Qarsiya Bakıda "Zirə"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis güclü rəqiblərdən birinə qarşı mübarizə aparacaqlarını söyləyib: "Azərbaycanı da çox bəyəndik. Sabahki oyunda uğurlu nəticə əldə etmək istəyirik”.
İspaniyalı baş məşqçi özündən fərqli olaraq, rəqib həmkarı Rəşad Sadıqovun 5 ildir "Zirə"nin sükanı arxasında olmasını müsbət amil adlandırıb: "Əlbəttə, bu, vacib amildir. Komanda artıq nə istədiyini bilir. Sadıqovun uzun müddətdir burada baş məşqçi olması o deməkdir ki, klub artıq planlı şəkildə işləyir. Ötən mövsüm də Konfrans Liqasında mərhələ keçdilər. Biz isə yeni komandayıq, təzəlikcə formalaşırıq. Beynimizdə olanları həyata keçirmək üçün işləyirik".
Qarsiya şansları bərabər saydığını diqqətə çatdırıb: “Deyərdim ki, şanslar 50/50-dir. Rəqibin futbolçuları uzun müddətdir birlikdə çıxış edir, müdafiədə yaxşı oyunçuları var, nə istədiklərini artıq bilirlər. Bizdə isə gənc oyunçular var. Onlar meydana çıxaraq, keyfiyyətli oyun göstərmək istəyirlər. Sabah bizi maraqlı duel gözləyir".
O, futbolçu karyerasını başa vuraraq, idman direktoru kimi işə başlayan İvan Rakitiçdən də danışıb: "Əlbəttə, Rakitiç kimi bir oyunçunun meydanda olması müsbət hal olardı. Nəzərə alsaq ki, söhbət məhz ondan gedir. Uzun illərdir yüksək səviyyədə çıxış edib. Ümid edirik ki, o bizə yeni rolda kömək etməyi bacaracaq. Sabah bizə digər aspektdən dəstək olacaq. Amma ümumi olaraq, Rakitiç kimi futbolçunun olmaması keyfiyyəti aşağı sala bilər".
O, “Zirə”də xüsusi fərqləndirə biləcəyi oyunçunun olmadığını da vurğulayıb: "Biz fərdlərə yox, rəqibə baxıb hazırlaşırıq. Əlbəttə, rəqibin müdafiə xəttində güclü və təcrübəli oyunçular var. Elə bir oyunçu yoxdur ki, ona qarşı xüsusi hazırlaşaq. Junior Martins, Giorgi Papunaşvili keyfiyyətli oyunçulardır. Amma rəqibə qarşı keyfiyyətli oyunçularına görə heç vaxt hazırlaşmırıq. Öz oyunçularımızın bacarıqlarına görə ssenarilər qurur və qərarlar qəbul edirik".
Öz komandasına gəlincə, Qarsiya bildirib ki, dəvət olunduğu vaxt ondan hücumameylli və topa nəzarət edən oyun sərgilənməsi istənilib: "Bu, o demək deyil ki, bunlar məndən qabaq yox idi. Təbii ki, “Hayduk” əvvəl də yaxşı çıxış edib. Sadəcə, məndən elementlərin daha da təkmilləşdirilməsi, oyunçuların futboldan ləzzət almaları, meydanda yaxşı mənada aqressiv çıxış etmələri, rəqibə təzyiq göstərməsi kimi amillərin vəhdətə gətirilməsi istənildi".
Qarsiya komandasının avrokuboklarda uzun müddətdir yaxşı çıxış edə bilməməsinə və müdafiədəki itkilərə diqqət çəkib: "Bəlkə də 15 ildir ki, komandamız avrokuboklarda yaxşı çıxış etmir. Lakin "Hayduk" böyük klubdur, kifayət qədər azarkeş kütləsi var. Əlbəttə, vurğuladığım məqamın müəyyən təsiri ola bilər. Hər dəfə uğursuzluq yaşamaq, mümkündür ki, təsirsiz ötüşməsin. Lakin bunlar daha çox klub rəhbərliyini, inzibati heyəti təzyiq altında saxlayır. Lakin biz baş məşqçi və futbolçular heyəti olaraq, artıq sıfırdan başlayırıq. Keçmiş keçmişdə qaldı. Əlbəttə, bütün heyətin burada olması daha yaxşı olardı. Yaxşı komandalar məhz belə hallarda daha gözəl çıxış etməlidirlər. Oyunçularımız fərqli səbəblərdən çıxış etməyəcəklər. Müdafiəçilərdən çoxu iştirak etmir. Amma əlimzidə olan futbolçularla yaxşı oyun qurmağa çalışacağıq".
Qeyd edək ki, iyulun 23-də 8-ci km stadionunda ("Neftçi Arena") keçiriləcək "Zirə" - "Hayduk" oyunu saat 19:30-da başlanacaq.