BAKI, 18 mart. TELEQRAF

Futbol üzrə Rusiya milli komandasının baş məşqçisi Valeri Karpin Estoniyada mülk alıb.

Teleqraf xəbər verir ki, 567 kvadratmetrlik üçmərtəbəli kərpiç kottec paytaxt Tallindən 15 km məsafədə turistik Prinqi kəndində yerləşir.

56 yaşlı mütəxəssis bu ev üçün 900 000 avro ödəyib. Valeri Karpin, həyat yoldaşı Darya və qızlarının Estoniya vətəndaşlığı var.

Mənbə yazır ki, Tallin körfəzinin sahillərində yerləşən malikanənin içərisində sauna, buxar otağı, hovuz, trenajor zalı, bir neçə yataq otağı və sair var. İnteryerdə cilalanmış daş, palıddan parket döşəmə və digər təbii materiallardan istifadə olunub.

Prinqi kəndində ticarət mərkəzi, barlar, fitnes, uşaq bağçası və məktəblər var. Darya fitnes mərkəzinə, uşaqları isə bağça və məktəbə gedirlər.

Xatırladaq ki, Valeri Karpin diqqətini Rusiya millisinə yönəltmək üçün bu yaxınlarda "Rostov" klubunun baş məşqçi postunu tərk edib. Xanımı onun klubdan gedişini ailəsinin xeyrinə olmayan qərar kimi dəyərləndirib.